15.01.202522:56 15.01.2025

"Olimpiya" cüdo klubu

Cüdo – həyat qədər vacibdir

Bakı Böyük Dəbilqə turnirinin püşkatma mərasimi baş tutub

3 min read

Fevralın 15-də Bakı Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib. Tədbirdə Beynəlxalq Cüdo Federasiyası (BCF), Azərbaycan Cüdo Federasiyası (ACF) və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin (GİN) rəsmiləri iştirak ediblər.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov çıxışında bildirib ki: “Azərbaycanın cüdo üzrə zəngin ənənəsi var və Böyük Dəbilqə turniri on ildən artıqdır ki, Bakıda keçirilir”. O, yarışın Olimpiyaya vəsiqə baxımından əhəmiyyətli olduğunu da vurğulayıb. “İştirakçılar Parisə lisenziya qazanmaq üçün reytinq xalları uğrunda mübarizə aparmalı olacaqlar. Bakıya çoxlu titullu idmançılar gəlib və ümid edirəm ki, Azərbaycan cüdoçuları öz çıxışları ilə azarkeşləri sevindirəcəklər. Hər kəsə uğurlar arzulayıram”, – deyə E.Məmmədov əlavə edib. O həmçinin dövlətin idmana olan qayğısını vurğulayaraq bildirib ki, Azərbaycanda həmişə dünyaşöhrətli cüdoçular olub və gənc nəsil şanlı ənənələri davam etdirəcək.

Beynəlxalq Cüdo Federasiyasının Məşq və Tədris üzrə Direktoru Məhəmməd Meridja bildirib ki, Bakıda keçirilən cüdo üzrə Böyük Dəbilqə yarışları Olimpiya vəsiqəsinin vacib hissəsidir. O bu turnirin dünya cüdosu üçün çox əhəmiyyətli olduğunu vurğulayıb: “Hər yeni start idmançılara reytinq xalları qazanmağa imkan verir və Bakı bir daha dünyanın aparıcı cüdoçularına belə bir fürsət verəcək. Azərbaycan Cüdo Federasiyası çox iş görüb. Bu üç gün ərzində Milli Gimnastika Arenasında gərgin döyüşlərin şahidi olacağıq. Ev sahibləri də mükafatlara əsas namizədlər sırasındadırlar. Ona görə də əminəm ki, yarış həyəcanlı olacaq”, – deyə Meridja əlavə edib. O həmçinin Beynəlxalq Federasiyanın prezidenti Marius Vizerin bütün iştirakçılarına xoş arzularını çatdırıb.

Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu bunları bildirib: “Biz bütün qonaqları Bakıda keçiriləcək növbəti Böyük Dəbilqə turnirində salamlamaqdan məmnunuq. Bütün iştirakçılara uğurlar arzulayırıq”. O ardınca əlavə edib ki: “On ildən artıqdır ki, dünyanın aparıcı cüdoçuları Bakıya gəlir. Turnirimizin mühüm missiyası var, çünki burada iştirakçılar Olimpiadaya düşmək üçün həlledici xallar toplaya bilərlər. Şübhə yoxdur ki, döyüşlər ən yüksək səviyyədə keçəcək və mübarizənin intensivliyi azarkeşləri sevindirəcək”

Qeyd edək ki, Bakı Böyük Dəbilqə turniri 16-18 fevral tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.

About The Author

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Olympiajudo.com © Bütün hüquqlar qorunur!